Tanınmış hüquqşünas vəkil Aslan İsmayılov ölkə rəhbərliyinə müraciət etdi (foto fakt)



Doğurdan da, deyəsən ya bizə xəstələr rəhbərlik edir, ya da biz xəstəyik!

Yadımdadır uzun illər bundan qabaq adlarını çəkməyəcəyim bir sıra ziyalılarla Bakının tarixi mədəniyyətinə vurulan ağır fəsadlardan gileylənirdik. Mən ürək ağrısı ilə görə biləcəklərimdən, İçəri Şəhərin məhv edilməsindən, Qala Divarlarının sökülməsindən danışırdım. Bakını göz bəbəyi kimi tanıyan və sevən, əməkdar mühəndis rəhmətlik Emil Axundov isə mənim görə bilməyəcəyim, amma sözün həqiqi mənasında Bakının dəyərini itirəcək hallardan danışdı. O, bildirdi ki, bizim gördüklərimiz küçələrdə baş verənlər, adi insanların gördükləridir. Ardınca mənə müraciət edərək dedi: ”İndi sən təsəvvür et, biz peşəkarlar nələr çəkirik”. O, bir neçə dəqiqə ərzində hələ keçən əsrin əvvəllərində Bakı Milyonçularının bəzi qədimi binalarda quraşdırdığı kaminlərin və digər zəngin memarlıq incilərinin vəhşicəhinə sökülüb atılmasından, onların yeni, heç bir dəyəri olmayan İran kafel və metlaxlarla əvəzlənməsindən danışdı. Rəhmətlik Emil Axundovu ən çox üzən belə varvarlıqdan biri də köhnə Moskva Mehmanxanası kimi tanıdığımızın binada yerləşən, şəhv etmirəmsə Toğrul Nərimanbəyovun işlədiyi mozaik divar idi. Qeyd etdi ki, həqiqətən bu işlə peşəkarlar məşğul olsa idi, heç olmasa o zibilə atılan mozaik daşlarından, onları satışa çıxarmaqla belə milyonlar qazanardı.


Bu gün şəxsən belə bir varvarlığın şahidi özüm oldum. Vaxtı ilə Kamal Abdulla kimi bir ziyalının rektoru olduğu Slavyan Universitetinin giriş qapısının üstündə mədəniyyət incisi olan 46 illik mozaikanın hansısa xəstənin, sovet ideologiyasının qalığı adı altında, sökdürməsinin şahidi oldum. Artıq yarıdan çoxu didilən mozaikanın zibilə atılmaq üçün maşına yığılmış qırıntılarını seyr edəndə doğurdan da Bakını yiyəsiz gördüm. Əgər Bakının sahibi olsaydı onun orqanizminin dəyərli bir parçasını bu gün varvarlar daraşıb didməzdilər. Bu vəhşiliyə haqq qazandıran, xəstə birisinin, saxta, yalan bəyanatı ilə də tanış oldum. Sən demə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid sovet ideologiyasının qalığı imişlər. Sən demə az qala əsərin hər tərəfini bəzəyən 5 yox 8 guşəli ulduz sovet ideologiyasını tərənnüm edirmiş. Kamal Abdulla kimi bir ziyalının görə bilmədiyini bu xəstələr indi görüblər. Mənim gördüyüm isə başqa bir şeydir. Bu acgözlər divarları aqlaylamaqla qazanacaqları manatlara görə tariximizi məhv edirlər.


 Yazıdakı sərt ifadələrin fərqindəyəm. Ancaq bu gün dünyaca məşhur Berlinin Humbolt Universitetində Leninin mozaikadan ibarət rəsmini saxlayan almanları ağılsız sayıb özünü ağıllı göstərənləri ancaq xəstə adlandırmaq olar. 
Yalanları da ondadır ki, guya daşlar düşüb insanlara xəsarət yetirəcəkmiş və bu insanabənzərlər insanların sağlamlığını düşünüblər. Bu da ağ yalandır. İstənilən ekspertiza bunun yalan olduğunu göstərər, çünki hər bir daşın arxasında özü boyda divardan zorla didilmiş sementi (şəkillərə bax) görərlər. Bir də o kiçik daş parçaları kiminsə başına düşsə belə heç bir ağır xəsarət yetirə də bilməz. İkincisi də, qopan daşları bərkitmək də problem deyildi. Ancaq bu bəhanə belə kökündən yalandır. Çünki sökülməmişdən öncəki şəkillərdən də bir dənə belə daş parçasının qopduğu görünmür.
Ölkə rəhbərliyinə müraciət edib xahiş edirəm, təcili bu varvarlığı dayandırın! Heç olmasa hər şeyi olduğu kimi saxlayın ki, gələcək nəsillər necə insanabənzər rəhbərlərin olduğunu görsünlər.

Vəkil  Aslan Ismayılov